Müasir LED tipli Zəfər İşığı lampaları.

Xəbərlər

18 dekabr 2021-ci ildə Gəncə şəhərində «Zəfəroğlu Elektrik» MMC zavodunun açılış mərasimi baş tutdu.

Açılış mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Savado, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idrə heyətinin sədri Azər Əkbərov, KİV nümayəndələri, çoxsaylı iş adamları və qonaqlar iştirak edib.

Zavodda “Zəfər İşığı” brendi altında müxtəlif ölçülərdə led lampaları istehsal edilir, gələcəkdə istehsalın genişləndirilməsi və məhsul çeşidinin artırılması nəzərdə tutulur.

«Zəfəroğlu Elektrik» MMC-nin istehsal sahəsi Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb.
1500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb. Müəssisənin ərazisi abadlaşdırılıb, əməkdaşların fəaliyyəti və istirahəti üçün şərait yaradılıb.

«Zəfəroğlu Elektrik» MMC yaranmasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondu  böyük dəstək göstərib. İlkin olaraq yatırılan 1 000 000 manat investisiyanın əlli faizi SİF tərəfəndən həyata keçirilib və dövlət dəstəyi olaraq investisiya təşviqi sənədi alınıb. Bu sənədin olması «Zəfəroğlu Elektrik» MMC-yə vergi və idxal zamanı gömrük güzəştləri əldə etməyə imkan yaradacaq.
Zavodda 4 növ – 7 vatt, 9 vatt, 12 vatt və 15 vatt gücündə olan led lampalar istehsal olunur. Zavodun istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir, hazırda gündə 4 min ədəd lampa istehsal edilir.

Zavoddan bildirdilər ki, buraxılan lampalar sənaye obyektlərində və ofislərdə, eləcə də mənzillərdə istifadə oluna bilər. Lampaların özəl xüsusiyyəti onların davamlı olması, o cümlədən mexaniki təsirlərdən sınmamasıdır. Belə ki, bu lampalar bərk səthə düşəndə də qırılmır.
Müəssisədən verilən məlumatlara görə, led lampaların istehsalı üçün tələb olunan xammalın 65%-i ölkə daxilində əldə edilir, yalnız 35% xarici xammal təşkil edir. Gələcəkdə yerli xammalın payının daha da artırılması nəzərdə tutulur.

«Zəfəroğlu Elektrik» MMC-nin led lampa zavodunun işə düşməsi Azərbaycan iqtisadiyyatında daha bir sahədə idxalı əvəz etməyə imkan yaradacaq.

Zavodun gücü, ümumilikdə xaricdən idxal olunan led lampalarının böyük bir hissəsini əvəz edəcək. Gələcəkdə isə istehsal olunan lampaların xaricə ixracı və ölkəyə xarici valyuta gətirməsi nəzərdə tutulur.

«Zəfəroğlu Elektrik» MMC-nin lampa zavodunun fəaliyyətə başlaması ilə müəssisədə 30 yeni iş yeri yaradılıb. Yaxın aylarda işçi sayının 50-yə, gələn ilin sonunda isə 100 nəfərə çatdırılması gözlənilir.

Yuxarı